Avirtel şirkəti yaralı əsgər və zabitləri ziyarət etdi
Avirtel şirkətinin kollektivi aprelin əvvəlində Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlərdə yaralanmış və Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə alan əsgər və zabitləri ziyarət etmişdir. Şirkət nümayəndələri palataları gəzərək bir-bir yaralı əsgərləri salamlamış, onlara Vətənin azadlığı uğrunda göstərdikləri qəhrəmanlığa görə təşəkkür etmişlər. Şirkətin nümayəndəsi üzünü əsgərlərə tutaraq bildirmişdir: “Bu gün bütün xalqımız sizinlə fəxr edir, sizin göstərdiyiniz qəhrəmanlıqla qürur duyur. Siz vətəni qorumaq, onu düşmən tapdağından azad etmək üçün əlinizdən gələni etdiniz. Bu yolda canlarını qurban vermiş, şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik. Sizin bu şücaətiniz qarşısında biz baş əyirik! Biz nə etsək də sizin əməlləriniz qarşısında azdır. Bütün Azərbaycan xalqı sizə minnətdardır”!
Avirtel kollektivi əsgərlərin səhhəti ilə maraqlanmış, onlara şəfa diləmiş, tezliklə sağlamlıqlarını bərpa edib doğmalarına, əzizlərinə qovuşmağı arzulamışdır. Şirkət kollektivi həmçinin gətirdikləri sovqatları yaralılara təqdim etmişdir.
Yaralı əsgər və zabitlər kollektivə təşəkkürlərini bildirib, onlara işlərində uğurlar arzuladılar.
Dövlət tərəfindən yaralı əsgərlərə lazımi qayğı göstərilir, müalicələri təcrübəli həkimlərə həvalə olunub. Amma bir şirkət kollektivi olaraq onları ziyarət etmək, öz növbəsində onları xoş sözlə yad etmək, vəziyyətləri ilə maraqlanmaq və qayğı göstərmək bizim vətəndaşlıq borcumuzdur. Gəlin onları qayğısız qoymayaq!